Zərdabda Dövlət Müstəqilliyi Günü qeyd olunub

Zərdabda Dövlət Müstəqilliyi Günü qeyd olunub

Zərdab rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü qeyd olunub. Tədbirdə Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, rayon ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər. Daha sonra rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Tədbirdə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin tarixi haqqında məlumat verib, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanmasındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilmiş, Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib.

Digər çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir: "Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir".

Tədbir bədii hissə ilə davam etdirilib.

İntizarə Məmmədova

Siyasət xəbərləri
Sia.az digər xəbərlər